AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ

AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.

AZƏRTAC Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılıb.



AZERTAC

Siz tərəfə dolu düşdü?

2 days ago | [YT] | 7

AZERTAC

Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə ediləcəklər.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tibbi müayinə haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. Eyni zamanda, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və ya təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslərin beş yüz manat miqdarında, vəzifəli şəxslərin üç min manat miqdarında, hüquqi şəxslərin beş min manat miqdarında cəriməsi nəzərdə tutulur.

Bundan başqa maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Qanun layihəsinə görə, həmçinin ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə də cərimələr nəzərdə tutulub:

- Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının tədarükünə dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir;

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir;

- Bu Məcəllənin 447-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Qanun layihəsinə gör, bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur. Həmçinin bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

2 days ago | [YT] | 13

AZERTAC

Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə olmaqla, 417 nəfər köçürülüb. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər doğma yurdlarına qayıdan sakinlərə təbriklərini çatdırıb, onlara firavan həyat arzulayıblar.

Sonra ailələrə mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri sevinc hissi ilə 2-ci yaşayış kompleksindəki yeni mənzillərində yerləşiblər.

Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa olunub. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə, 1268 mənzil var. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və yeraltı avtomobil dayanacaqları yaradılıb.

2 days ago | [YT] | 27

AZERTAC

Altıillik fasilədən sonra Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, mayın 26-da saat 08:41-də ilk qatar Tbilisiyə çatıb.

Bakıdan gələn ilk qatarı Tbilisi stansiyasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani və Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze qarşılayıblar.

İlk reysin sərnişinləri arasında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da var idi.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış razılaşmaya əsasən, hər gün həyata keçiriləcək. Tərəflər Gürcüstan Baş nazirinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakla bağlı Azərbaycana səfəri çərçivəsində bu razılığa gəliblər.

Qatar saat 23:10-da Bakıdan Tbilisiyə yola düşür və ertəsi gün saat 08:41-də təyinat nöqtəsinə çatır. Tbilisidən Bakıya gedən qatar isə saat 21:00-da yola düşəcək və ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Yeni planlaşdırılan reysə Azərbaycan Dəmir Yollarına məxsus “Stadler” qatarı xidmət göstərəcək. Qatarın Tbilisi ilə yanaşı, Gürcüstanın Qardabani şəhərində, Azərbaycanda isə Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacağı artıq məlumdur.

Bakı ilə Tbilisi arasında 6 ildir dəmir yolu əlaqəsi yoxdur. Diqqətəlayiq haldır ki, Bakıdan Tbilisiyə ilk uçuş 26 may, Gürcüstanın Müstəqillik Günündə həyata keçirilib.

2 days ago | [YT] | 19

AZERTAC

2026-cı ilin yanvar-aprel aylarında ölkədən 259,01 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən çayın dəyəri 12,1 faiz artaraq 2 milyon 213,08 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında isə Azərbaycandan 1 milyon 973,86 min dollar dəyərində yəni, 224,29 ton çay ixrac edilib.

2 days ago | [YT] | 26

AZERTAC

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,82 dollar və ya 1,62 faiz artaraq 114,14 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

6 days ago | [YT] | 31

AZERTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

1 week ago | [YT] | 58

AZERTAC

Mayın 21-də Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə AZƏRTAC-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,6 olub.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

1 week ago | [YT] | 19

AZERTAC

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 maydan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir.

ADY-dən AZƏRTAC-a verilən məlumata görə, bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.

İlkin qrafikə əsasən, qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu müddətin sərhəd-gömrük baxışı məqsədilə 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi üçün nəzərdə tutulub.

Bakı-Tbilisi-Bakı qatarlarına Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax,Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 manat, Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan isə 57 manatdır. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 manat təşkil edir.

“Beynəlxalq istiqamətlər üzrə gedişhaqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir. Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri də Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir. Həmçinin beynəlxalq marşrutlar üzrə qatarın keçdiyi hər bir ölkə tarifə əmsal tətbiq edir. Qiymətlərə həmçinin ölkədaxili marşrutlarda olduğu kimi, həftə sonları, bayram günləri və yer seçimi də təsir göstərir”, - deyə ADY-nin məlumatında bildirilir.

Xatırladaq ki, 2019-cu ildə Bakı-Tbilisi-Bakı marşrutu üzrə istismar olunan köhnə qatarlar artıq istismardan çıxarılıb. Hazırda isə reyslər müasir “Stadler” vaqonları ilə həyata keçiriləcək. Yeni nəsil hərəkət tərkiblərində daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edilir.

1 week ago | [YT] | 40

AZERTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına mayın 17-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, esse üzrə isə 5 bal toplaya bilərlər.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq.

1 week ago | [YT] | 13